Onunla 1994-cü ildə tanış olmuşduq: Dövlət Radiosunda işləyən zaman. Olduqca sadə (böyük şəxsiyyətlər sadə olurlar), qayğıkeş, daim arayıb-axtaran yaradıcı insan, tanınmış jurnalist, yazıçı-publisist, ssenarist, radionun “Gənclik və idman” redaksiyasının baş redaktoru İntiqam Mehdizadə.
Mən başqa redaksiyada işləyirdim. Amma İntiqam müəllim məni həm də öz redaksiyaları ilə əməkdaşlığa cəlb etmişdi, mənə tez-tez süjetlər tapşırardı. Hətta “Dan yeri” verilişinin bir neçə buraxılışını, “Haydı, idman!” verilişinin ilkini də mən hazırlamışdım.
İntiqam Mehdizadə 14 fevral 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.
Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatı İntiqam Mehdizadənin bir neçə kitabı çap olunmuşdu. Radiodan sonra o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla yanaşı həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyirdi.
İntiqam müəllim gözəl dost, böyük insan idi. Arabir zəngləşir, oturub çay içir, fikir mübadiləsi aparır, bir-biri sosial şəbəkələrdə izləyirdik. Bir gün vatsappda onun profilində bir paylaşım məni sarsıtdı: İntiqam müəlimin yas mərasimindən bəhs olunurdu. Zəng etdim, dedi ki, mən oğlu Müşfiqəm, sizi tanıyıram...
Bəli, dostumuz 8 iyun 2022-ci ildə dünyasını dəyişmişdi. Amma bu cür işıqlı ziyalılar həmişə onu tanıyanların qəlbində yaşayırlar. İntiqam müəllimə rəhmət, övladlarına, əzizlərinə cansağlığı, uğurlar arzu edirəm!
Şöhlət Abbas.








